P H O T O 2026 06 15 00 02 45

(Akademik Milli Dram Teatrının yeni tamaşası haqqında düşüncələr)

Xislətin radiusu və ədəbiyyat.

İnsan yaradılışın ali varlığı olmaqla bərabər həm də mürəkkəb xisləti, gizli və

görünən cizgiləri ilə anlaşılmaz və qəlizdir. Bu qəlizlik, heç şübhəsiz bitib-

tükənməyən mövzulara zəngin çalar qatır.

Dünya ədəbiyyatının, dramaturgiyasının, habelə Azərbaycan əsərlərinin

mayasını insan xarakterinin rəngarəngliyi, xislət çeşidi konteksində Xeyir və Şər

mövzusu təşkil edib. Mövzunun önəmli bəndi, ilk abzasda, qara kursivdə verilən

komponenti insan və pul xəttidir.

Yazıçı – dramaturq Hüseynbala Mirələmovun indiyədək oxuduğum bütün

əsərlərində, habelə səhnə versiyasına baxdığım pyeslərində bir səmimiyyət

hakimdir, vətənpərvərlik xətti qabarıqdır. Qarabağ mövzusu, yurd dərdi yazıçıdan

ötrü önəmlidir.

“Vəsiyyət” komediyası “Axirətdən gələn zəng” pyesinin rejissor versiyasıdır.

İnsanlığa utanc gətirən bir hadisənin ipucunda, insan və pul araşdırmasında “insan

çiy süd əmib”, “qarın qardaşdan irəlidir” teoremi aksioma qələbəsinin təntənəsini

yaşayır. Mövzu ümumbəşəri yük daşıyır. El arasında məsəl var: bir kəsi sınaqdan

çıxarmaq istəyirsənsə, ona ya vəzifə ver, ya da pul. Az keçməz, iç üzü özünü

göstərər, “mən buyam” deyib diş ağardar. Hüseynbala Mirələmov sanki bu məsəli

sloqan seçərək pyesinin ekspozisiyasında sınaq laboratoriyası qurur və bir

milyarderin qəfil təklifi ilə onun qohumlarını imtahana çəkir. Təəssüf ki,

yoxlamanın nəticələri biabırçı koordinatda yer alır, Dövran Əminbəylinin

ümidlərini, qohum-qardaş sevgisini fiaskoya uğradır.

Yeri gəlmişkən, elə baş qəhrəmanın adı və soyadı ictimai-siyasi, fəlsəfi yükün

rəmzidir. Pula pul deməyən, milyardlar sahibi, istədiyi hər şeyi əldə edən – bu

qadın ürəyi olsa belə-zamanın, gərdişin analoqudur. Habelə, yeddi arxa dönəminə,

ata-babasına bütünlüklə arxayındır, əmindir – Əminbəyli. Və elə Dövran özünün

zaman sinonimi anlayışında ətrafdakıları bir-bir xəlbirindən keçirir.

Lirik-psixoloji komediyada hər obrazın daxili strukturu, dil xüsusiyyəti, davranış

manerası, həyata baxışı mükəmməl işlənib.

Rejissorun tələsi.

Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin

Məhərrəmovun Akademik Milli Dram Teatrında ilk quruluşu deyil, hər dəfə də

müxtəlif dövrlərin mədəni-ictimai mühitinə, müxtəlif mövzulara müraciət etsə də,

nəticə yalnız bir kateqoriyanı təmsil edir: mükəmməl traktovka.

Firudin mövzu ilə tanış olan kimi çox götür-qoy etməyib, baxıb görüb ki, bu cür

pulgir, qansız insanlar sallaşır əsərin səhifələrindən. Yığıb-yığışdırıb onları, mən

sizin başınıza bir oyun açım ki, adam arasına çıxa bilməyəsiniz, - deyib – daha

doğrusu, Akademik Teatrın səhnəsinə çıxar-çıxmaz tamaşaçı sizi bir hoydu-

hoyduya götürsün, siz də baxın. Beləliklə, rejissor qollarını çırmaladıqdan sonra

komediya dönüb olub qara kamediya. Oyun nə oyun ?! İllah da ki, Firudinə məxsus

daxili rejissor plastikası, musiqi duyumu ola.

Rejissor Akdemik Milli Dram Teatrının hər cür texniki imkanlara malik səhnəsinin

fırlanmasına, dekorasiyaların bölünməsinə, filana ehtiyac duymayıb. Xalq rəssamı,

Dövlət mükafatı laureatı Nazim Bəykişiyevin istedadı və təcrübəsi birbaşa rejissor

traktovkasına xidmət edib. Bütün hadisələr göz önündə, bir məkanda baş verir.

Tamaşaya sonacan baxdıqdan sonra quruluş yetkilişinin teniki parametrlərdən

istifadədən imtina səbəbi bəlli olur. Dövranın evində, dövranın zamanın gərdişində

vaxtın tələsini qurub. Bütün obrazlar qaçaraq gəlirlər, ali dəyərlərdən danışırlar,

qardaş, bacı məhəbbətindən dəm vururlar, Quran kəlamlarını əldə dəstəvüz

edirlər, Dövranı olmazın tərif və alqış tüpürcəyində isladırlar, amma, sən demə,

tələnin qurulduğu tamah şumuna düşürlər. Şuma da ki, düşdün, işin bitdi,

ayaqların dalınca gəlməz. Çabala ki, çabala, tamaşçı doyunca gülsün, çəpik çalsın.

Dramaturqun təqdim etdiyi hər bir obrazın rəngini-ruhunu, zövqünü,

manerasını, ədasını, yerişini-duruşunu, kütbeyinliyini, fəndgirliyini rejissor elə

üsulluca hazırlayıb ortaya çıxarıb ki, ətrafına boylanırsan, ya da yaddaşını zora

salırsan: əcəba, bu gün, yarım saat əvvəl gördüyüm Filankəs, Bəhmənkəs deyil ki?!

Abbasın triumffu.

Əməkdr artist Abbas Qəhrəmanov intellekti olan, kifayət qədər mütaliəli, səhnə

sistemini mükəmməl bilən, psixoloji duyğularla portretin iç cizgilərini təqdim

etməyə qadir istedadlı və geniş amplualı aktyorlardandır. Abbası ilk dəfə

Akademik Milli Dram Teatrının səhnəsində Bəxtiyar Vahabzadənin “Fəryad”

əsərində görmüşdüm.Rol sözsüz idi. Elə Abbas Qəhrəmanov da sözünü deyə bildi.

Təxminən 30 ildən sonra yenidən eyni səhnədə oyununu izlədim : mükəmməl

ifada.

Milyonlar sahibi, sevgini də pul gücünə qazanmağı normal sayan Dövran

Əminbəyli necə danışır, necə gülür, necə zarafatlaşır, sevgisini necə bəyan edir,

xəyanəti necə qarşılayır, şübhələrini necə biruzə verir? Bax bunu Abbas

Qəhrəmanovdan soruşmaq lazımdır. Daha doğrusu, gəlib tamaşaya baxmaq və

heyrətlənmək lazımdır. Əməkdar artist Abbas Qəhrəmanov rejissorun tapşırığını

ustalıqla yerinə yetirərək milyonçunun çağdaş zəmanəyə müvafiq tam yeni

çalarlarla təqdim edir. Danışıq tərzi, zarafatları, cavabsız sevgiyə qarşı ehtirası,

özündən müştəbehliyi, fəqət, bununla bərabər qəlbinin dərinliyində qalmış

insanlıq sevgisi – müasir əsərlərdə, tamaşa, bədii film və seriallarda rast

gəlmədiyimiz yepyeni bir rəng. Və finalda Dövranın doğmalarından gördüyü

xəyanətə reaksiyası, xortlayıb evinə gəldiyi məqamı, nifrət dolu baxışlarını

möhtəşəm şəkildə çatdırır Abbas Qəhrəmanov.

... Bir sözlə, əməkdar artist Abbas Qəhrəmanov teatr səhnəsində triumffunu

göstərə bildi.

Röyanın kabus kimi yuxusu.

Mən Röya rolunu dublyor Ləman İmanovanın ifasında izlədim.

Xoşbəxt ailə həyatı qısa sürmüş, sevgisinin naləsi ərşə bülənd olmuş, zor

hesabına Dövranla evlənmiş, maddi cəhətdən heç vaxt heç nəyin korluğunu

çəkməyən, fəqət, mənəvi kasadlığın nəm divarlarının sıxıntısında çürüyən, içi

özünü, çölü özgəni yandıran, bəxtəvərliklə talesizlik arasındakı neytral zonada

laübalü gərdiş edən, bəzən heç özü özünü anlamayan Röya – Ləmanın ifasında

xarakterik rol kimi maraq doğurur.Ləman İmanova Röyanın xarakterindəki

təzadları da real zənglərlə çatdıra bilir. Dövranın qəddarlığını, duyğusuzluğunu dar

ağacından asarkən, əslində özü də ətəyində namaz qılınası bəla deyil.

Və sonda cəzasını alır; kabus onu da öz qara kölgəsində giriftar edir: sevmədiyi

ərinin filippinli qulluqçudan oğlu varmış, sən demə. Bu azmış kimi axirətdən

qayıdıb gəlmişərinin nifrət dolu baxışı artıq onun kabusuna çevrilir. Bəlkə də Röya

elə doğulandan yuxu görürmüş, Dövranın xortlamasından sonra ayıldı?!?

Bayramın görə bilmədiyi bayram.

Əməkdar artist Mirzə Ağabəylinin Bayramı “qarın qardaşdan irəlidir” zərbül

məsəlinin səhnə sloqanını təqdimata çıxarır. Dövranın sayəsində milyonlara sahib

olsa da, artıq özünü oliqarx zənn edir və axirətdən gələn zəngə qarşı çıxanlar

sırasında birincilərdən olur. Forsa bax: “Sonra deyərlər ki, Bayram Əminbəylinin

qardaşı xortlayıb.

Təbii ki, öncə dramaturq, sonra da rejissor imkan vermir ki, Bayram öz bayramını

görsün.

Zəhranın yağış buraxan çətiri.

Əməkdar artist Almaz Amanovanın bəzəyib-düzəyib, ətə-qana gətirdiyi Zəhraya

heç rast gəlməmisiniz? İnanmıram. Addımbaşı doludur belələri. Təsbeh əlindən,

Allah sözü dilindən düşməz. Danışanda ədası Everest zirvəsini küləkləyər, əməli isə

yer axtarar başını gizlətsin. Almaz bu qəbildən olan saxta dindarlrın həyat tərzini

mükəmməl təqdim edir. İş həqiqətə gələndə, ortaya real milyonlar söhbəti

çıxanda, özgə vaxt onu-bunu qınayan “mömin qadın”pul üçün onlardan daha çox

canfəşanlıq edir. Altında gizləndiyi çətir yağış buraxırmış ,demə ...

Ceyranın gözünü qan örtəndə.

Qardaşının hesabına yaşasa da, onun və arvadının kölgəsini qılınclamağı peşəyə

çevirmiş Ceyran bütün davranışı, etiket, dah doğrusu, etiketsizlik qaydaları ilə anti-

mədəniyyət etalonu təqdim edir. Fəqət, rejissorun “tələsi”nə düşdükdə Ceyranın

gözlərindən qan damır, məntiqin, haqqın, ədalətin də üzünə tüpürür, hələ meyidi

soyumamış qardaşına da. Saxta ahu-zarını reklam saniələri kimi xəsisliklə xərcləyir,

sonra da aman vermədən niyə Filankəsə ondan çox pul düşüb hikkəsi ilə səhnəni

toza-dumana bürüyür.

Əməkdar artist Sevinc Əliyevanın oyununda bu ştrixlər o qədər yerində, zərrə-

zərrə, dürüst verilib ki, artıq bir hal tapmaq qeyri-mümkündür. Aktrisanın istedadı

strukturu dolğun, duzlu, koloritli bir obrazla tanış olmaq imkanı yaradır.

Quşu ürəyindən vuran Pirim.

Rüstəm Rüstəmov Sumqayıt teatrında, habelə, Musiqili Komediya teatrının

səhnəsində yetərincə maraqlı obrazlara can verib. Pirim obrazı Rüstəmin

xarakterik rollar qalereyasına daha yeni rənglər qatır.

Parça çeşidlərində “özündənnaxış” olur. Rüstəmin yumor duyğusu, komik

səpgisi, oyun tərzi də özündə bir “özündənnaxışlıq! əks etdirir.

Və Allahı vermiş, ortada yeyib qırqda gəzən, qaynının hesabına meydan sulayan,

imkan düşdükcə ondan maksimum yağlı tikə qoparmağı ali məqsəd sayan, yenə də

gözü doymayan, yenə də deyinən bivec, harın, şorgöz yeznə obrazının dolğun,

inandırıcı ştrixlərini Rüstəm Rüstəmov ustalıqla verə bilir.

Çoxbilmişin novellası.

Emin Əfəndinin canlandırdığı Samir xəyanətlə tamahı, sevgi ilə şəhvəti, hərisliklə

hiyləni elə birləşdirib ki, heç şeytan da baş aça bilməz. Amma fələk ona ardıcıl

zərbələr vurur. Və çoxbilmiş dimdiyindən tələyə düşür.

Hamıdan çox insaf yiyəsi.

Əməkdar artist Kazım Həsənquliyevin yaratdığı Elman müəllim Dövran

Əminbəyliyə qanıbir, canıbir qohumlarından daha çox can yandırır. İnsaf naminə,

elə Dövran da ona çox inanır.

Hərçənd, vəsiyyətnamədəki bölgünü oxuyub adına ayrılmış 10 milyonu görərkən

özünü itirir, həyəcandan boğulur. Baxma, nə qədər olmaya,insandır axı?! Amma

finalda çefini xilas etməyə can atan yeganə adam da odur. Hətta İsgəndərsayağı

ittihamnamə də söyləyir, saxta sevgilərin üzünə tüpürür.

İstənilən halda Elman xeyirxahlığı anlayan, ona qiymət verməyi bacaran, fəqət,

pulun hökmranlıq etdiyi bir zəmanədə bu zəhrimarın qarşısında ikiqat əyilməsə

də, laqeyd də qala bilməyən orta statistik insandır.

Kazım Həsənquliyev də insani duyğuları, sədaqəti, vicdan, onlarla bərabər yüngül

sapmaları da çox ştrixlərlə və ustalıqla çatdıra bilir.

Pərdəni açıb-bağlayan qız.

Filippinli xidmətçi Delisay obrazı ilk baxışdan əyləncəyə xidmət edir, tamaşanın

fəlsəfi yükünü yüngülləşdirməkdən ötrü atılmış nəfəslikdir. Amma Dövranın

yeganə varisinin anası olması hər kəsdə şok yaşadır. Həm də yalnız tamaşanın

sonunda anlayırsan ki, Delisoy yalnız texniki-fiziki parametrlərdən pərdəni açıb-

bağlayan qız deyil, dövranın da, bu Dövranın da səhnə taleyi onun “tıq-tıqlı”

ayaqqabılarının, işvəsinin kodundadır. Aktrisa Fəridə Şahbazova xidmətçinin

gizlinlərini ustalıqla canlandırır.

Möhtəşəm final və ruhun qiyamı.

Zənnimcə tamaşanın janr qrafasında qara komediya ilə bərabər sosial-mistik

qroteks də yazmaq olar. Bu təsnifata finaldan sonra daha çox haq qazandırmaq

istəyirsən.

Dövran qəbirdən qalxıb gəlir, səhnədə, rejissorun tələsində xislət zədəsi açıq

vermiş doğmalarını nifrət atəşinə tutur.Vəsiyyətnaməni dolabın gözündən tapıb

cırır, birinci pərdənin birinci gəlişində daxil olduğu qapıya tərəf gedir. Məchulluğa

doğru. Onsuz da Allahdan gəlib Allaha getmirikmi?!

Allahım, bəlkə heç Dövran ortlamayıb ?

Bəlkə heç bu biabırçı hadisə baş verməyib ?! Nə dəxli var? Firudin Məhərrəmov

obrazın həllini belə düşünüb. Öz aramızdır, əla da düşünüb. “Sahibinə qarşı

xəyanət etdiyiniz pul boğazınızdan keçəcəkmi?!” ittihamıdır bu, rejissor halqaya

çevirib bir-bir keçirir boğazlarına. Ruhun qiyamı möhtəşəm musiqi ilə vəhdətdə

qeyri-adı effekt verir.

Və mükəmməl mistik final alınır.

... Bu, həm də pritça-tamaşadır.