Böyük italyan yazıçısı Umberto Eko yazırdı: “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə - küncdə, kitabların arasında tapdım”.
Mənim də ruhi dinclik və sakitlik tapdığım kitab dolu hücrəmdə Çinar Arıkanın “Yörük köçü” hekayələr kitabı yer alır. Bu kitabı oxudum, amma dur, sadəcə oxumadım, vizual formatını gördüm, təsəvvür etdim. Çinar bəyin ruhunun ruhuma simsarlığını duydum. Vərəqlərin xışıltısında Altay-Ural dağları arasındakı bozqırlarla at çapan ərənlərin hayqırtısını eşitdim, Altay və Sibir mədəniyyətləri sivilizasiyalarında gəzişdim. Orxan – Yenisey abidələrinə göz atdım. “Törəyiş”, “Köç”, “Manas”, “Koroğlu”, “Dədə-Qorqud dastanlarının, Rəşidəddinin “Oğuznamə”, Mahmud Kaşqarinin “Divani-lüqəti-türk” kitabının anlatdığı türk mifik təfəkkürünə baş vurdum.
“Kitaba “Qutadqu bilik” adını verdim, oxuyanı qutlu etsin, əlindən tutsun. Sözümü söylədim, kitabı yazdım, o uzanıb iki dünyanı tutan əldir.
Kişi iki dünyanı qutla tutsa, qutlu olar, bu sözüm bütünlüklə çindir”.
...Və bir də baxdım ki, Əbülqazi Bahadır (Xivəli) xanın “Şəcərei – tərakimə”dən, yəni Türkmənlərin soy kitabından bir işıq haləsi ayrıldı, Çinar bəyin hekayələrini aydınlatdı, sonra qan yaddaşıma güzgü tutdu.
Dünənin əzəmət qayasına, Vüqar dağına söykənmək, ulu törələrə tapınmaq, qosqoca idrak saxlancını qorumaq və sabaha ötürmək böyük Türkün nəsihəti, müqəddəs missiyasıdır. Həm də daim Türk ruhunun diri tutulmasına vəsilədir.
Ötən əsrin 80-ci illərində Azərbaycanda xalqın azad fikrə tamarzı, azadlıq ideyalarına təşnə olduğu vaxtlarda Türk dünyasının mücahid şairi Sabir Rüstəmxanlının oxuculara ruhi qida bəxş edən “Ömür kitabı” işıq üzü gördü. Sabir bəy tarixi kökə fundamental bağlılığa yüksək dəyər verirdi: “Ağsaqqalların gücü köklərinin dərinliyində, keçmişə körpü olmalarındaydı. Beyinləri böyük bir nəslin xatirə dəftərinə bənzəyirdi. Uluların təcrübəsindən gətirdikləri misalları, yüz dəfə ölçülüb-biçilmiş həqiqətlər kimi onların hər söhbətinə can və qanad verirdi.
Geniş coğrafiyanı əhatə edən Türk dünyası əzəldən mənəvi və fiziki gücün, qılınc və qələmin vəhdətinə qərar tutub, beləcə ayaqda dayanmağa müvəffəq olub. Tarixə nəzər yetirin: hansı qüdrətli Türk hökmdarı qəzəl, qəsidə -------- yazmayıb?! Bəziləri sağlığında Divanını üzə çıxarıb, digərlərinin ölümündən sonra şeir əlyazmaları tapılıb.

Aydınlar ulu türk salnaməsinin qənimətləri sayılıb. Bu aydınlardan biri – Çinar Arıkanla ilk dəfə pandemiya dövründə görüntülü danışdım. Əvvəl-əvvəl karıxdım. Səbəbini söylədim. Mənim bir əmoğlum vardı: çox istedadlı publisist Feyzi Mustafayev. Aramızdakı yaş fərqinə görə ona “Feyzi əmi” deyə müraciət edirdim. Təbəssümü üzündən əskik olmazdı. Yumşaq, həlim təbiətli, mehriban bir insandı.
Ötən əsrin 70-ci illərində, hələ kiminsə kimin kitabını oxuduğu dövrdə böyük şair Əli Kərimə ithaf etdiyi “Dinmə, ey kədər” kitabı populyarlıq qazanmışdı. Qısası, Çinar bəylə danışarkən bir anlıq mənə elə gəldi ki, telefonun ekranından Feyzi əmimi görürəm.
Sonra Çinar bəyin ömür-gün yoldaşı Fatma xanımı da tanıdım. Doğruymuş: ərlə arvadın torpağı bir yerdən götürülürmüş. Və düşünürəm: İlahi, görəsən bu cütlük nə vaxtsa bir qarışqanı belə, incidibmi?
İnanmıram, vallah, inanmıram!
Çinar Arıkan Anamurda doğulub. Bəlli etdiyi mənəvi ucalıq rəmzi – Torosların zirvəsi olub. Türkiyənin ayrı-ayrı bölgələrində dünyanın ən gözəl, gərəkli, işıqlı sənəti ilə məşğul olub-müəllimlik missiyasını yerinə yetirib. Maarif müfəttişi kimi fəaliyyətini davam etdirib. Arada macal tapıb Anadolu universitetinin iqtisad fakultəsini də bitirib. Yetərincə ödül və sertifikatları var. Bilgisayar və ingilis dili kursları keçib. Eyni zamanda Mersində MEYŞAD şairlər dərnəyinin başkan yardımçısıdır. Ədəbiyyatın təbliği və inkişafı yolunda fədakarlıq göstərir. Türkiyə - Azərbaycan ədəbi əlaqələrinin inkişafına böyük töhfə vermiş ziyalıdır. Amma bu işlərdə heç bir maddi umacağı yoxdur. Ədəbiyyata sevgisindən və ürəyinin hökmündəndir.
Toros dağının zaflığı, yörük yürdunun, Anamurun özəllikləri, irsə sayğı, ünlü ağsaqqalların öyüdü, nüfuzlu, mələkmisal söz boğçalarından qatı açılmamış kəlamlar, yörük kültürünün fəlsəfi yurd sevgisinə bələnmiş bir qələmdən ağ vərəqə süzülür və yaşam güvənci qazanır.
“Kitabı oxumaya başladığımda bir de baktım ki, kendi cocukluğum anlatılıyor. Bizim Silifkenin Söbüsesinden Kırtla göçümüzün aynısını bu kitapda buldum. Bu kitapda o kadar güzel hikayeler kaleme alınmış ki, insan bir solukta okuyuveriyor”.
Professor, dr. Ali Berat Alptekin.
Çinar Arıkan yaradıcılığı üçün etnomədəni çalar, dilin gözəlliyi, təhkiyənin şirinliyi, arxaik sözlərdən bəhrələnmə xarakterlərin çeşidliliyi və təsvirin qüdrəti, yəni mühitin, ab-havanın belə, ədəbi mətnə yansıması səciyyəvidir. Anamurun gercək adamları, hər kəsin tanıdığı, ünsiyyətdə olduğu sadə zəhmətkeşlər Çinar bəyin təxəyyül süzgəcindən keçərək arınır, durulayır, bədii obraz formatına uyğunlaşır. Və bu sadə insanların söylədikləri müdrik sözlər ibrətamiz fikrə, zərbül-məsələ, idiomatik ifadəyə, ata sözünə çevrilir. Onun hekayələrində həm yörük adət-ənənəvi ehtiramla yad edilir, həm də çağdaş zaman və sabahın müstəvisi üçün təbliğ və təşəkkül təntənəsinə qovuşur. Hikmət xəzinəsinin etimoloji-fəlsəfi dəyərini anlayırsan, el mistik qaynağının həqiqət rəngini görürəm. Böyük-kiçik davranışı etiketinin, ailə törəsinin, mütləq doğrunun mənəvi-tarixi-sosial laylalarının söykəndiyi sərt qayaya tuş gəlirsən.
Yaradılış min bir naxışlı xalıdır. Ustad yazıçı həyat hadisələri ilə təxəyyülünün mükəmməl vəhdətini yaradır. Dövr, mühit, etnomədəni çalar da çeşidli ilmələrə dönür. Çinar bəyin naxış atıb, ilmə vurduğu o xalının kodundan yörük folkloruna baş vurursan, yörük mətbəxinin ətrini duyursan , türküləri, hekayələri, əfsanələri dinləmək imkanın yaranır. Yaşam tərzinə, törəyə, geleneklərə bələd olursan. Çinar Arıkan qələminin ahənrübası hesabına Torosun dağ yamaclarında üşüyürsən, çoban yapıncısı axtarırsan ki, bəlkə sazağın qarşısını ala. Bəzən də bəyaz buludlara simsar olursan. O buludların göy üzündən çəkilməsini heç arzulamırsan.
1500-2000 metr yüksəklikdə qərar tutmuş Taşeli yaylasından sübhün sərin mehi vurur üzünə, könlünə fərahlıq gətirir. Toroslular üçün yayla bir metafora, genetik koddur. Yaşlılar bu koddan sağlıqlı ömür umarlar, yeniyetmələr də sevda nəsiblərini götürərlər.
Anamur-Oğuzların üç oxlar boyunun Dənizxan qolundan gələnlərin yurdudur. 1228-ci ildə türkmən yurdu kimi fəth edilib. Elə bu məntiqlə də kitabın ilk hekayəsi Şıx Ömərlə başlayır. Anamurun fəthində müdrikliyi kara gəlmiş Şıx Ömər. Məhz onun ağlı, taktik qabiliyyəti sayəsində qalanın açarları türklərə təhvil verilir. Ömərin obrazı, xarakterik cizgiləri dolgun rənglərdə təqdim olunub.
Yörük türküleri və hekayələri yüzillər boyunca sürən yayla köçləri nəticəsində yarandı, dildən-dilə düşdü, bərkidi, zaman-zaman tarixin ərp bağlanmış qatlarından keçdi, süzüldü, süzüldükcə xalq təfəkküründən, mifik yaddaşdan gələn haqq işığında aydınlandı, əbədiyyət sevgisinə bələndi və günümüzə gəlib çıxdı. O türkülərdən birində qəhrəman nakam sevgisinin acısını bəyan etdikcə Çinar bəyin qələmi ah çəkir, dərdlər göyə bülənd olur. Mehmet Tuman sevdalısı Sərvinazı obada qoyub mədrəsəyə - təhsil dalınca yollanır. Bağqasına tuşlanmış güllə səhvən Sərvinaza açılır. Çiçəyi burnunda adaxlı haqqa qovuşur.
Yalan dünya, səndən uzak kalmadım, Gelin olup koşun ata bilmedim. Seninle bir gün mihman olmadım, Gülünü yitiren Tuman ağlasın.
“Yörük qoca” əsərində bəmbəyaz saçlı və saqqallı qəhrəmanın dadlı təbəssümünü Çinar bəy rəssam dəqiqliyi ilə təsvir edir. Yaşına rəğmən qıvraqdır, şux yerişlidir. Son vaxtlar əllərində və ayaqlarında sızıltı duyan Sıtkı kişini oğlu həkimə aparır. Həkimin yemək qadağalarını özünə məxsus baməzəliklə qarşılayır.
1900-cü illərdə poçtalyon Osman bəy Ermenek ilə Anamur arasındakı çox uzaq bir məsafəyə poçt daşıyır. Özünə də, atına yemək və yem tədarükü ilə hər dəfə qorxulu bir yola çıxır. Çinar Arıkan bizi poçtalyon Osmanla birgə qışın qan donduran soyuğunda, yayın cırhacırında, quldurlarla dolu yol ilə Anadolu kəndlərinə səfərə çıxarır. Hekayəni həyacansız oxumaq mümkün deyil.
Fatma xanım Arıkanın redaktor olduğu “Yörük koçü “ hekayələr kitabında ideya-estetik prizmadan hədəfə vurmayan yazı yoxdur. Bu kitab da ayrılıqda türk ədəbi-fəlsəfi təfəkkürünün təşviqi və təbliği missiyasına bir töhfədir.
Leksik-qrammatik dil quruluşunun mükəmməlliyi, ifadə-üslub zənginliyi həm bədii-estetik zövqə xidmət edir, həm də Anamur insanının mədəni-ictimai, sosial-fəlsəfi baxış bucağını, migoloji qata bağlılığını apaydın bəlirləyir.
Çinar Arıkanın maraqlı şeirləri, publisistik yazıları da var. Və bu yazıların hər birində böyük Türk sevdalı bir insanın qəlb çırpıntıları eşidilir. Yenə Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlıdan bir misranı xatırlayıram:
Şimşəklər çınar tək sancılıb yerə,
Düşmənin gözünə dirsəkdi hər dağ.
Çinar bəy sovet dönəmində imperiya buxovunda inildəyən türk respublikalarının həsrət atəşinə dədə Çinar kimi söz kölgəsi salıb ovundurmaq hayındaydı.
“1979-cu ildəyik Artıq mən 22 yaşında bir gəncəm. Səndən uzaqlardayam Buraya gəlişim doqquz gün oldu. Türkmən çadırlarında sacda bişən çörəyin buxarlı qoxusunun ətrafa yayılıb insanın içiniçəkişdirməsi var ha, o qoxu nə isə, o şəkildə burum-burum tüstüləyirsən burnundan.
...Hazırda bu sətirləri səndən yüzlərlə kilometr uzaqda, Toros dağlarının zirvəsində, bir dağ qəsəbəsində ağlayaraq yazıram. Göz yaşlarım çıxmır, amma ürəyimə axır.
... Sən mənim könlümdə Krımlı Bikə, Azərbaycanlı Aybala, Türküstanlı Aybikə kimi bir qızsan. Sənə yanaşmam onların Türk diyarlarında sevgiyə, sevgiliyə həsrətlərindəki yanaşma kimidir.
Aybalam, Aybikəm, sarı çiçəyim,
Sənin uğrunda at sürdüm.
Çaylardan, yamaclardan, dağlardan,
Çeşmələrin axdığı yaylaqlardan keçdim.
Aybalam, Aybikəm, sarı çiçəyim,
Kimsəsiz, çarəsiz, kədərli əsir,
Əlbəttə ki, bizə zülm edənlərə
Bu millət bir gün kinini göstər”.
Çinar bəyin arzuları çin oldu. Zaman həqiqət donunu biçdi. Həsrətlərə son qoyuldu. Gülnarə Cəmaləddin demişkən:
“Səni görməsəm belə,
Həsrətinlə yoğruldum.
Mənim özbə özümdüm,
Ruhumla bir doğuldum.
Ağrı-ağrı dolaşdım,
Ağrə dağında hər gün.
Xəyal atında min yol
Sərhədlərini aşdım.
Uzunillik həsrətlə,
Qovrulmuşdu bağrımız.
Sinəmizdə türklüyün
Ölmək xəritəsini
Həkk etmişdi ağrımız.
Şükür bu günə, şükür,
Sevdiyimə qovuşdüm.
Başı qarlı, dumanlı
Dağlarıma ulaşdım.”
Əlbəttə, bu günə şükür! Şükür ki, Abdulla Ayata, Fethi Akın, Mümduh Yağmur, Emrah Bekçi, Murad Alper, Sabina Urfan, Fatma Arıkan, Mustafa Doğdu, Mürebba Gönen, Ayzer Böyükər kimi Böyük türk aydınlarını tanıdım. Əsərləri ilə tanış oldum. Və Çinar bəyin əsərlərini oxudum. Çinar Arıkanın Qosqoca Türk ruhunu anladan Çinar Arıkanın.
Belə ədəbiyyat nümunələri, inanıram ki, Türk ruhunu hər daim diri saxlamağa xidmət edəcək.
Və bizi Ulu Türkün havacatından ayrı salmayacaq.
Hafiz Ataxanlı.