Ön söz yerinə gəzişmə

Poeziya – günün qızmarında tir- tir titrəmək, sözün acısında göyüm- göyüm göynəməkdir. Cadar - cadar torpağın tən ortasında ,qayanın sıldırımında üzə gülən tər çiçəklərdir. Balta ilə rəsm çəkib, diyircəkli qələmlə odun doğramaqdır.

Poeziya – kədərin sevincində təzələnmək, bəxtiyarlıq çətirinin altında leysana düşməkdir.

Poeziya – sözün ahənrübasında mənəvi pəhriz, söz sevdasına butadır.

Poeziya- zaman xaosunun mükəmməl düzümü, dar ağacını özünə simsar sayanların protestosudur.

Elə bu havacatda istedadlı qələm sahibi, AYB Sumqayıt bölməsinin sədri, Azərbaycan- Türkiyə ədəbi əlaqələrinin təşəkkülündə müstəsna xidməti olan Gülnarə Cəmaləddin vasitəsi ilə tanıdığım şair Fethi Akının poetik dünyasında gəzişmələrini qələmə aldım.

”Ey keçmiş,

mənə uzaqdan baxan,

susqun, hüznlü dost kimisən.

Necəsən orda?

Yoxluğunda

çox küləklər əsdi üstümdən,

Xatirələr sovruldu gözlərimdən.

Keçmişə məktub yazıb, salamlaşan bizim Fethi Akındır. Qədimi dostumuz. Ağır təbiətli düşüncə adamıdır. İmkan və fürsətləri yetərincə olsa da, fəzilət aynasında həqiqəti gördüyündən sərvət gözünü qamaşdırmayıb.

İradəsi ağıl və zəkanın dominantlığında formalaşıb, idrak işığında yol gedib.

Genetikasından gələn aristokratiya, dövlətçilik duyğusu, ulu Türk sevdası onun xarakterinin ən parlaq rəngləridir. Qətiyyətlidir, sərtdir, xəyanəti bağışlamır, könlünə dəyən əziz - giramisi olsa belə ,ürəyinə daş bağlayıb ,yaxın buraxmır.

“Hamının eyni ola bilməyəcəyi” aksiomunu bilmək qədərincə təcrübəyə malik olsa da, ətrafındakıları doğru - dürüst görmək istəyir.

Xasiyyəti yaradıcılığına da yansıyıb. İradını, nigarançılığını, əndişəsini poetik mesaja çevirib ötürə bilir. İctimai- siyasi, sosial- mədəni yüklü, yurd sevdalı şeirlərinin hər biri bir vətəndaş yanğısının göstəricisidir.

Fethi Akının dünyagörüşü, savadı, həyata baxışı, zəngin təcrübəsi, vətənpərvərlik fəlsəfəsi damla - damla onun şair təbiətinə süzülür, nəticədə intellektual poeziya nümunəsi ərsəyə gəlir. Fethi bəyin şeirlərində dramaturgiya var, hadisənin trayektoriyası, obrazların mükəmməl inkişaf xətti var.

Fethi Akının lirik qəhrəmanı toxtaqlığı, “Bir şeirin sahilində” tapır, “Yolum ürəyinə düşdü” deyən şair coğrafi assosiyanı poetik ovqatda yoğurub misraların qanadında pərvazlandırır. “Gerçəklər içində səssizlik kimi ağır” düşüncələrin dan yerində dayanıb “Öz küllərindən yenidən doğan” inadkar bir insan obrazı ilə “ağ tənində qara kədəri” günə verir.

Həyat dolanbacların, ağrılı - acılı keçidlərin ,qəfil zərbələrin, ürəkdə dərin yara açmış itkilərin, müxtəlif dilemmaların görüşdüyü teatr səhnəsidir. Belə məqamlarda şairin gücü nəyə çatar ki?! Topu yox, tüfəngi yox!

Hesablaşmağa gəldim səninlə,

ey həyat,

Ey ürəyimə yüklənmiş

yüklərin sahibi.

Neçə gecə susdum,

neçə bahar ertələdim,

Amma bu gün

tökürəm içimə yığılan

nə varsa?!

Axan zamanı tuta bilməyən şair onu çat vermiş aynada axtarır və donmuş vəziyyətdə tapır, fəqət, əyilib qırıq aynada ruhunun yazısını oxumaq istəyir, özünüdərk ucalığında tapır. Səhnə ilə həyat gerçəkliyinin paralel xəttlərini, həqiqətin məğzini axarır.

Kimin əlindədir

səhnə işıqları,

Kimin dilindədir

Gerçəyin səsi?

Hər üz bir maska,

hər an bir xəyal,

Oyunda itmişik,

kim bilir,biz kimik?!

“Susqunluğunu gecənin kürəyində daşıyan”şairin sükutu protestə çevrilir. Tarixi həqiqətlərin təhrifinə qarşı çıxır, müharibəyə, qan - qadaya etiraz səsini ucaldır:

“Bir gün xalq yazar

öz dastanını,

Və o gün başlar

gerçək tarixin günü.

Tərk edilmiş vadidə tənha ağacı gördünüzmü? Küləyin yarpaqları necə yolduğuna şahid oldunuzmu? O ağacın köklərindən torpaq da üz döndərib axı. Ta o ağacın budaqlarında quşlar da mahnı oxumurlar. Ta kölgəsində uşaqlar da əvvəlki tək oynayıb - gülmürlər.

Bu tablonu Fethi Akın fırçayla yox, sözlə çəkib.Sevgi yaradılışdan da əzəldir bəlkə. Kainat sevgidən bin tutdu. Allah bəşəriyyətin alisi insanı sevərək yaratdı. Sevgi bir oddur, bir közdür ki, ürəyə düşdüsə, qurtardı; yandırıb - yaxacaq. Sevginin barometri – baxışdır. Baxışın ocaq yeri isə - gözlərdir. Fethi bəyin sevgi şeirləri baxışların işıltısını, gözlərin ahənrübasını, göylərə bülənd olan hicran tüstüsünü,”addımlarda sevda izi” ni özündə ehtiva edir. Eşq səmasında qovuşmağa təşnə ruhlara ağ pəmbə buludlarla dua oxuyur şair. Büllur sevgi vüsal səadətindən uzaqdır.

Eşqin gücü axtarışlardadır.Və Fethi bəy demişkən,

“Mən hələ burdayam,

amma səndəki mən harda?

Sonra da üzünü tutur ümid qapısında açan çiçəyə:

“Ümid dediyin şey –

bizim içimizdə böyütdüyümüz

uşaq kimi

həmişə diri qalır.”

Sonra gecənin kürəyində daşınan susqunluğunda, ay işığında Fethi Akın “Keçmişə məkrub” dan son misraları pıçıldayır:

“Amma qoy məktubum səndə qalsın,

oxuduqca xatırla məni.

Bil ki, mən həmişə

səndə yaşayacağam.”

Fəxriyyə xanımın səsi onu keçmişlə bağlı xəyaldan ayırır:

Telefona baxsana!

Gülnarə Cəmaləddindir.Sumqayıtdan arayır.Şeirlərini Azərbaycan ləhcəsinə uyğunlayıb...

Hafiz Ataxanlı

Yazıçı,ssenarist,kultroloq