Müharibə analar üçün ən dəhşətli lənətdir.
Qorats
Və ya Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir.
Napaleon Bonapart
Yolumun üstündə iki əsgər şəkli var.Hər dəfə qarşılarından keçəndə içimdən əsgər salamı verib keçirəm.Şəkillər uzaqdan diqqət çəkir.Elə bilirsən ki, baxışları arxanca gəlir, məni unutma,- deyə pıçıldayır.Biri Milli qəhrəmanımız Polad Həşimovun şəklidi, o birisi isə çiçəyi burnunda bir gənc əsgər.Adını Fateh bilirdim.Fateh- yəni qalib gələn, fəth edən.Bir gün şirniyyat dükanının qarşısında dayanıb şəklinə baxırdım, dalıb getmişdim.İçəridən arıq, çəlimsiz bir qadın mənim şəklə dirqətlə baxdığımı görüb bayıra çıxdı, üzümə baxıb gülümsədi.Mənim oğlumdu,- dedi.Ananın gözlərinin dərinliyindən uzun bir həsrət, səsindən uzaqlıq, qəriblik ,tənahlıq boylandı üzümə.

Bala itirən anaları mən gözlərindən və bənövşə kimi boynubüküklüyündən tanıyıram.Çünki bilirəm nə çəkir balası ölən analar.Anam da 19 yaşlı balasını itirəndən gözləri uzaqlara baxdı, kiprikləri qurumadı, bu dünyada yaşamadı, xəyalən balasının yanına köçdü, balasına qovuşacağı günü səbirsizliklə gözlədi.
Xəyaldan ayrıldım.Ananın qəm yuva qurmuş gözlərinə baxdım və susdum.Kiprikləri titrədi, dodaqları əsdi, ağzında dili alışdı, amma bizim analar qürürlu olur.Qamətini dikəldib üzümə diqqətlə baxdı.Fikir veririəm, siz həmişə burdan keçəndə dayanıb bu şəkilə uzun- uzadı baxırsınız, tanıyırdınızmı balamı? Bəli,- dedim.Onlar hamımızdır.Torpaq uğrunda,vətən uğrunda gedən oğullar hamısı bizim üçün əzizdir, doğmadır,- dedim.Eynən Fateh balamız kimi.Fateh deyil adı, Zamindir. Zamini saxlaya bilmədik, neynədiksə durmadı, könüllü getdi savaşa, axırı da belə.Elə bil ürəyimə dammışdı...Dinmədi, gözlərində şimşək çaxdı, leysan ələndi yanaqlarına.Heç nə demədim, deyə bilmədim...Axı balası ölən anaya nə deyəsən, necə təsəlli verib, könlünü necə ovudasan? Elə məqamlar var ki, insan o anda çox aciz olur, söz də çarəsiz qalır, ağla yalnız susmaq gəlir.Daha heç nə danışmadıq, ayrıldıq.

Bir neçə dəfə təkrar rastlaşdıq.Xeyli söhbət etdik.Ana balası,Fatehi haqqında danışdıqca elə bil yoxluğunu unudurdu,onun haqqında xatirələri elə diri və canlı təsvir edirdi ki.İlahi, ana olmaq buymuş demək...
İçimdən bir yazı yazmaq keçdi Fateh- Zamin haqqında.Ana danışdıqca sözlər boğazımda köz kimi alışıb, könlümü yandırırdı.Onun haqqında məlumatları mənə verə bilərsiniz, ana,- dedim.Onun haqqında ən gözəl məlumat onun mənə gözdağı qoyub getdiyi həyat yoldaşı və bircə balasıdı.Yoldaşının telefon nömrəsini aldım.Bir müddət zəng vurmağa əlim gəlmədi.Cavan yaşında tək balasıyla gözünü yollardan yığıb, arzularını, ümidlərini kəfənləyib torpağa basdırmaq və buna dözərək həyatın gözünə dik baxmaq sizə asan gəlməsin.
Bir gün özümü toplayıb zəng vurdum yoldaşına.Mən Zamin haqqında yazmaq istəyirəm,- dedim.Siz onunla bağlı bildiklərinizi danışa bilərsinizmi? Çətin deyilsə... Axı yarası qaysaq bağlamaq istəyən adamın yarasının qaysağını təkrar- təkrar qoparmaq, qanatmaq duyğu adamı üçün asan deyil? Xeyir,-dedi.Mən onunla fəxr edirəm, qürur duyuram.Zamin çox yaxşı oğul, çox yaxşı həyat yoldaşı, çox yaxşı ata, çox yaxşı əsgər idi.Bizi onunla tanış etmişdilər. Mən tibb bacısı olmaq arzusu ilə gəlmişdim Sumqayıta.Öncə məni onunla tanış etmək istəyəndə razılaşmadım.Amma biləndə ki, hərbiçidir, (baxmayaraq ki, hərbçi yoldaşı olmağın necə çətin olduğu haqqında eşitmişdim) tərəddüt etmədən razılıq verdim.Düşündüm ki, Zamin vətəni qorumaq üçün bu yolu seçibsə, ölümü gözə alıbsa, demək bizi də belə sevəcək və qoruyacaq. Bir neçə dəfə görüşdük. Fikrimdə, qərarımda yanılmadığımı anladım.Nəhayət, nişanlandıq.
Toyumuz oldu.Zamini tanıdıqca onu daha çox sevdim.Ara- sıra şeirlər yazırdı, amma üzə çıxarmırdı.Deyəndə gülümsünüb,- mən şair deyiləm, bunları səngərdə sizin üçün darıxanda yazıram ,- deyirdi.

Elə bil ürəyinə dammışdı bizdən ayrılacağı.
Getsəm də uzağa qəlbim sənlədir,
Getsəm də tezliklə qayıdacam mən.
Ən böyük duamda, ruhum sənlədir,
Atanın ürəyi, duyğusu sənsən.
Nə yaman acıdır ayrılıq bilsən,
Körpəsən, bəlkə də hiss eləmirsən.
Yuxunda nə şirin gülümsəyirsən,
Elə bil dünyanı mənə verirsən.
Qoxladım iyini içimə çəkdim,
Elə bil yenidən mən cana dəldim
Kövsərtək qoxuyan körpə balamsan
Mən səni ən böyük xəzinəm bildim.
Balasına yazdığı bu şeiri yollamışdı mənə.Dəymədim bircə vergülünə,nöqtəsinə belə toxunmağa əlim gəlmədi, ürəyim varmadı.
Başqa bir şeirində: Hərbçi qadını olmaq cəsarət,
Bitməyir ayrılıq, bitməyir həsrət.
Var bu ayrılıqda vallahi hikmət
Rəbbim səbirinə versin dəyanət.
Elə ki, mən gəldim pərvaz edirsən,
Sən mənim qarşıma belə çıxırsan.
Tezliklə gedəcəm bunu bilirsən,
Oyanıb yuxudan mənə baxırsan.
Allahdan arzumdur bir yerdə olaq,
Vardır çətinliyin bir gözəl sonu.
Balaca Turana ikimiz baxaq
Böyüdək bir yerdə ikimiz onu.
O,1993- cü ildə Qubadlıda dünyaya göz açdı.Elə 1993- cü ildə də Erməni silahlı qüvvələri Qubadlını işğal etdikləri zaman valideynləri məcbur olaraq oranı tərk etdi və müvəqqəti olaraq Sumqayıtda məskunlaşdı.2000- ci ildə Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd orta məktəbinə getdi.8- ci sinfi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseyə sənədlərini verdi.Oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldu.Ermənistanla sərhəddə,ön xətt briqadasında xidmət keçdi.Xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərman və döş nişanları ilə təltif edildi.2016- cı ild aprel döyüşlərində göstərdiyi şücaətə görə “Döyüşdə fərqlənməyə görə”medalı ilə təltif edildi.
2020- ci ildə 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusi olraq seçildi, qəhrəmanlıq göstərərək tabeliyində olan əsgərləri sağ – salamat döyüş bölgəsindən çıxardı.Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov, Korpus Komandiri tərəfindən təşəkkürnamə və Fəxri Fərmanla təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə”,“ Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edildi.2021-2022- ci illərdə qısamüddətli əməliyyatlar zamanı tabeliyində olan hərbi qulluqularla birgə xüsusi şücaət göstərdi.20.09.2023- cü ildə Azərbaycan Respublikasının Qarabağda lokal xarakterli Antiterror tədbirlərinin keçirilməsi zamanı Xocavənd rayonunda düşmən snayprindən açılan atəç nəticəsində Şəhid oldu.
Onun Şəhid olması xəbəri də sanki mənə əyan olmuşdu,ürəyimə dammışdı.Həmin gün özümə yer tapmırdım.Bir yerdə qərar tuta bilmirdim, ürəyim çırpınıb ağzımdan çıxmaq istəyirdi sanki.Elə bil havam çatmırdı.Bunu oğlum da hiss eləmişdi elə bil.Dayanmadan ağlayırdı.Mən, evdəkilər uşağı neynirdiksə sakitləşdirə bilmirdik.Ta ki, qaynatam yıxılmış, dağmadağın halda bu xəbəri bizə verənəcən...Sonra dünya gözümdə qaraldı, hər şey mənim üçün bitdi.Çox şeylər gəldi ağlıma.Zaminsiz yaşamağı düşünəndə bədənimi soyuq tər basırdı, ürəyim sıxıldı.Bir neçə dəfə intihar etmək fikrinə düşdüm, amma körpəm son ümidim, son çarəm oldu.Turan öykənəcək yerim, dayağım, yaşamaq səbəbim oldu...
Bilirdim hərbçi yoldaşı olmaq çətindi.Amma Zamini mən özüm seçdim.Evə gələndə ona xüsusi qulluq edirdik, bir sözünü iki eləmirdik. O, da heç vaxt xətrimizə dəyəcək söz və hərəkət etməzdi.
Oğlumuz olacağını yuxusunda görmüşdü.Adını da özü seçmişdi.Turan olsun,- demişdi.İndi ondan mənə yadigar Turanımız var.Turan onun arzularıdır.O, bir Turan sevdalısıydı.Şükür ki, hər iki Turanımız onun arzuları kimi çin olub.Mənimçün Zamin həmişə sağdı, diridi.Hara gedirəmsə, harda oluramsa onu yanımda hiss edirəm.
P.S.Yazı xeyli ləngidi.Ləngimə səbəbi isə Ağdərə döyüşlərində ölümcül savaşdan sağ çıxan, həyat mübarizəsindən sağ çıxa bilməyən, beynində və ayağında müharibənin izini daşıyan doğmam Aqilin vaxtsız vəfatı oldu.Onu da müharibə yaralamışdı.Bilmirəm bu təsadüf idimi, yoxsa ruhun görünməz sintezi...Hər bir böyük, tarixi hadisənin arxasında Tanrı özü dayanır...