DÜNYAYA 6 :O UDUZAN ADAM

(Yazıçı, ssenarist, kultroloq Hafiz Ataxanlının 60 yaşına)

Adamlar ağaclar kimidi elə, bir- birinə bənzəyir.Elə çiçəklər də, yarpaqlar da.Adamları bir- birindən seçib ayıran xarakteri, xasiyyətidir.Mən onu Sabir müəllimin dostu kimi tanımışdım öncə.Hərdən onun əlindən hirslənib bu adam real dünyada yaşamır elə bil,xəyallarda yaşayır,- deyirdi.Amma onu hədsiz çox istədiyini də bilirdim.Bəlkə də çox istədiyindən ona belə hirslənib, öz – özünə onun qarasınca gileylənirdi, arxasınca asıb- kəsirdi hərdən.Sabir müəllim dünyasını dəyişəndə iki dostunu qarğılar kimi baş – başa verib yana- yana ağlayan gördüm.Onun yoxluğunu bu gün də qəbul etməyən, hər dəfə iş yerinə gələndə yerini boş görüb haldan- hala düşən dostları...

İlk baxışda adama qəribə təsir bağışlayır.Elə danışır elə bilirsən, Sabir müəllimin təbirincə desək, elə bil bu dünyada yaşamır,Yer planetindən xəbəri yoxdur.Çünki məhəlli düşünmür,bəşəri ideyalarla yaşayır.Min il əvvələ gedir,min il geriyə qayıdır.Bu var – gəlin içində onu anlamaq məsələsi bir az qəlizləşir.Söhbət edə- edə yazı yazır, həm də yazdığı sıradan yazı olmur.Yazıları da qəribədi. Obrazları da. Düşürsən izinə, gedirsən, gedirsən görürsən səni hansısa bir tində azdırıb yoxa çıxdılar. Sonra göy üzündən sənə əl edib qanadlandılar.Birdən obrazlarını elə yıxıb sürüyür ki,elə bilirsən dünyanın ən zalım adamıdı, amma həyatda kimsənin toyuğuna kiş deməyə dili varmayan, daş atmağa əli gəlməyən biri olduğu hər kəsə bəllidi.Dağların bağrından qopub gəlib bu şəhərə.Hərdən gördüklərindən elə dağlar kimi üzünü bulud alıb, könlü qübar eyləyib, kiprikləri qırov bağlayıb, üzünü ovuclarında gizlədib.Bişə- bişə öyrəşib bu şəhərin bürküsünə,alışıb bu şəhərin istisinə,tüstüsünə.Bəzən dağlarda səfil- sərkərdan gəzən uşaqlığı üçün darıxıb,bəzən tüstüsü təpəsindən çıxan kənd evləri üçün burnunun ucu göynəyib.Sonra sarılıb vərəqlərə.Şumlayıb, şıram açıb bağrında, alnına yazıb görüklərindən, duyduqlarından, bildiklərindən... Dəlixanadakı dəlilərin, qumarxanadakı qumarbazların, məhəllədəki quşbazların, kənddəki sözbazların obrazını elə mükəmməl şəkildə qoyub ortaya ki, mat- məətəl qalmıya bilmirsən.Elə bilirsən bu adamın işi- gücü ancaq onların izinə düşüb izləmək, söhbətlərinə qulaq verməkdi. Amma yox. O boyda vaxtı hardandı? O,böyük ideyalarla yaşayır, böyük işlərlə məşğuldu.Daim mədəniyyəmizin ,ədəbiyyatımızın qayğı və problemlərini düşünür,əlindən gələn köməyi etməyə tələsir. Bu adam heç kəsə bənzəmir...Xeyirxah və xoşniyyətlidir....O, bu şəhərdə təmizlik və saflıq simvolu olan Feyzi Musatafayevin ocaqdaşıdı.Genetik kod öz işini görür,öz sözünü deyir həmişə.Amma bəzən...Bu yerdə dəyərli şair Ehtiram İlhamın bir şeirini xatırlamaq elə bilirəm lap yerinə düşər.

Bu adam sevmədi özünü,

Başqalarını sevdi amma.

Ömründə bir xoş gün görmədi,

Əzablı günlərgördü amma.

...Qaçmasa da bir yol sözündən,

Qaçdılar hər yerdə özündən.

Qarışqa idi öz gözündə,

Başqaları bir devdi amma.

Dözüb də hamının nazına,

“Hə” dedi hər şeyin azına,

Can deyib oğluna, qızına,

Çörək yox, ürək verdi amma.

Çox şeylərlə qarşılaşdı.Üzünə gülüb, arxasınca quyu qazanları da, yoluna daş diyirləyənləri də gördü.Heç kəsə kin bəsləmədi, nifrət etmədi.Allahla ruh bağı, könül bağı qurdu.Onun ədalətinə sığındı, inandı. Ona qarşı olanları görməmək üçün gözlərini yumdu, pis şeyləri də yaxşı tərəfə yozdu.Hərdən mənə elə gəlir ki, yaradan onunla təkcə llham dilində deyil, vəyh dilində, yuxu dilində danışır...Gördüyünüz yaxşı yuxular çin olsun!

Dünyaya gəlmək özü uduzmaqdı.Hamımız uduza – uduza gedirik.O, da bu dünyaya 6: O uduzdu hamımız kimi.Qarşıda hələ illər və yollar var.Arzu edək ki, gələn dəfə o qalib olsun bu dünyəvi oyunda...Gününüz mübarək,təmiz adam!

Gülnarə CƏMALƏDDİN